Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Raymonds Veyonis iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edirlər. Bu barədə Azərbaycan prezidentiin saytında məlumat verilir.
“İyulun 17-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Latviya Respublikasının prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib”, - deyə məlumatda bildirilir.
İ.Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışıb.
Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edilib və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
“Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb”, - deyə məlumatda qeyd olunur.
Prezident R.Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb.*
R.Babayev