Azərbaycanın Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq haqqında ikitərəfli sənədlər imzalaması Brüssellə strateji əməkdaşlığı əks etdirir. Bunu prezident İlham Əliyev deyib.
İ.Əliyev və Latviya prezidenti Raymonds Veyonis iyulun 17-də “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalayıblar.
“Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır”, - deyə Azərbaycan prezidenti Riqada R.Veyonislə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var: “Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir”.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. “Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir”, - deyə prezident İ.Əliyev vurğulayıb.
O, “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin gələn il, ikinci və sonuncu mərhələsinin isə 2020-ci ildə başa çatacağına əminlik ifadə edib: “Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq”.
İ.Əliyev bildirib ki, Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. “Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik”, - deyə dövlət başçısı əlavə edib.*
F.İsazadə