“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Professor Gül” gəmi-bərəsinin təmiri başa çatıb. Bu barədə QSC-dən məlumat verilib.
“Bərə-gəminin əsaslı təmiri “Zığ” Gəmi Təmiri Zavodunda aparılıb. Bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, mexanizmlər, yanğından mühafizə avadanlıqları əsaslı təmir olunub”, - məlumatda deyilir.
Bundan başqa, bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri görülüb.
“Gəminin istismara verilməsi isə yaxın günlərdə nəzərdə tutulub. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək”, - məlumatda qeyd edilib.
“Professor Gül” gəmi-bərəsi 1986-cı ildə inşa edilib. Uzunluğu 154,4, eni - 18,3 metr təşkil edir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasında 13 gəmi-bərə var. Həmin gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istifadə olunurlar. **
N.Abbasova