Bakı metropoliteni sentyabrın 18-dən qatarların qış hərəkət qrafikinə keçir.Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək”, - məlumatda deyilir.
Qış hərəkət qrafikinin tətbiqi yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədarartan sərnişin axını ilə bağlıdır.
Qatarlar arasında interval gur saatlarda 2 dəqiqə təşkil edəcək.
“Həzi Aslanov" - "28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May" - "Dərnəgül” və "28 May" - "İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov" - "Ulduz" sahəsində fərqli ola bilər”, - məlumatda deyilir.
"Həzi Aslanov" - "28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.
Şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.
“Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək”, - QSC-dən bildiriblər. **
R.Babayev