15.09.2017 16:51

Birinci vitse-prezident: “Azərbaycan Yaponiyadan turist axının artımına ümid edir”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiyadan ölkəmizə turist axının artacağına ümid edir.

Cümə günü M.Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horii qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verir.

“Birinci vitse-prezident turizm sahəsinin ölkəmizdə prioritet olduğunu qeyd edib. O, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını vurğuladı. Bildirdi ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. M.Əliyeva ümidvar olduğunu bildirdi ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək”, - məlumatda deyilir.

Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğuladı.

M.Əliyeva humanitar sahənin inkişafının vacibliyini qeyd etdi və bildirdi ki, bu baxımdan təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir.

Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan M.Hori rəsmi Tokionun Bakı ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söylədi. **

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.