Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən GUAM-Yaponiya Nazirlər Şurasının iclasında iştirak edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
“İclasın yekunlarına əsasən “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edildi. Sənəddə tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri bir daha təsdiq etdilər”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər regional və beynəlxalq müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğuladılar.
O cümlədən, ticarət və sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni layihələrin icrasının vacibliyini qeyd olundu. **
F.İsazadə