Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili cəhdi yalnız ATƏT-in Minsk qrupunun istəyidir. Mili Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“İstənilən halda, bu gün həmin görüş barədə yalnız Minsk qrupunun həmsədrlərinin istəyi haqqında danışmaq mümkündür. Çox yox”, - R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatı şərh edərkən bildirib.
O, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında Nyu-Yorkda keçirilən görüşü “məzmunsuz” adlandırıb.
“ Nalbandyan ilə bilavasitə heç bir məzmunlu danışıqlar aparılmadı. Görünür, həmsədrlər hələ mövqeləri yaxınlaşdrmağa çalışacaqlar. Əgər bu cür yaxınlaşma mümkün olarsa, o zaman prezidentlərin görüşü baş tutacaq”, - politoloq qeyd edib.
Onun sözlərinə görə, əgər söhbət Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə gedərsə, o halda danışıqlar mənalı hesab edilə bilər. “Əgər söhbət ermənilərin Silahlı qüvvələrinin işğal olunan ərazilərdən çıxarmaları barədə getmirsə, o zaman ümumiyyətlə danışıq üçün mövzu yoxdur”, - R.Musabəyov vurğulayıb.
O cümlədən, politoloq bu yaxınlarda E.Nalbandyanın İrəvanın ərazilərin bir hissəsinin qaytarılması məsələsini Azərbaycanla müzakirə etməsinə dair səsləndirdiyi bəyanatı şərh edib. “Ona bu cür sual verdilər. O, ərazilərin müəyyən hissəsinin qaytarılması barədə danışırdı. Həmin hissə ki, Dağlıq Qarabağın təhlükəsizliyinə yol verir və s. Lakin o deyə bilməz ki, biz işğal olunmuş ərazilərdən heç yerə getməyəcəyik, çünki bu cür bəyanat müharibəyə çağırışdır”, - R.Musabəyov bildirib. **
R.Babayev