Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanamsı üzrə danışıqlar prosesi şərtsiz bərpa edilir. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir”, - bazar ertəsi İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
İ.Əliyev Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin pozulmasında ittiham edib. Onun sözlərinə görə, Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. “Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək.
Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar”, - prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Ermənistanın danışıqları bərpası Azərbaycana edilən minnət deyil.“Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür”, - prezident bildirib.
O qeyd edib ki, 2016-cı ilin aprel hadisələri bunu göstərdi. “Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir”, - İ.Əliyev bəyan edib.
Prezident bildirib ki, məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. “Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”, - dövlət başçısı vurğulayıb.
Bununla belə, prezident bildirib ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. **
R.Babayev