Azərbaycan şirkətləri bir sıra Avropa ölkələrinə fındıq ixracının təşkili imkanlarını öyrənir. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
"Sazişlər imzalanıb və Azərbaycan fındığının Hollandiya, Danimarka, İsveçrə, Belçika, Lüksemburq, İtaliya, Çexiya, Yunanıstanı və digər ölkələrə ixrac edilməsinə dair danışıqlar davam edir", - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Vitse-prezidentin sözlərinə görə, Kölndə (Almaniya) keçirilən "ANUGA" beynəlxalq ərzaq sərgisi çərçivəsində Azərbaycanın fındıq istehsalçısı olan "Azerstar" şirkəti şirniyyat istehsalı və satışı ilə məşğul olan Hollandiya və Danimarka şirkətləri ilə iki saziş imzalayıb.
"Sazişlərə uyğun olaraq birinci mərhələdə "Azerstar" oktyabrda və dekabrda bu ölkələrdən hər birinə 22 ton fındıq ixrac edəcək", - deyə Y.Abdullayev qeyd edib.
O vurğulayıb ki, "Azerstar", həmçinin İsveçrəyə fındıq ixracı ilə bağlı danışıqlar aparıb.
""Xan EL" şirkəti İtaliya şokolad istehsalçısı ilə bu ölkəyə 40 ton fındıq ixracı edilməsi haqqında müqavilə imzalayıb. "Aqrovest" MMC Hollandiya, Belçika və Lüksemburqa fındıq ixracına dair danışıqlara başlayıb", - deyə vitse-prezident bildirib.
Y.Abdullayevin sözlərinə görə, "Azerbaijan Hazelnut Exporters Consortium" (AHEC) İtaliyaya 48 ton, Çexiyaya və Yunanıstana 22 ton fındığın ixracı üçün ilkin razılaşma əldə edib.*
R.Babayev