“Azərbaycan Dəmir Yolları” QSC (ADY) konteyner daşımalarının həyata keçirilməsi məqsədiə “ADY Konteyner” MMC–nin yaradılması barədə qərar qəbul edib. Bu barədə ADY-dən məlumat verilir.
“Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq,ADY tabeliyində “ADY Konteyner” MMC–nin yaradılması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Məlumata əsasən, MMC–nin funksiyalarına dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi daxildir.
“Bundan sonra Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımalarını “ADY Konteyner” idarə edir. Şirkət Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir”, - məlumatda qeyd olunur.
Bundan əlavə, “ADY Konteyner” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınması və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditorudur. **
N.Abbasova