Cənubi Sinay (Misir) vilayətinin qubernatoru Xalid Foda Azərbaycandan turist axınının artırılması üçün mövcud problemlərin həllinin mümkünlüyünə əmindir.
"Dünən biz Azərbaycan Turizm Assosiasiyasının rəhbərliyi ilə keçirilən görüşdə turizm sahəsində problemlərin aradan qaldırılması yollarını müzakirə etdik. Bu mümkündür. Son iki ildə Azərbaycandan Cənubi Sinaya turist axını əhəmiyyətli dərəcədə azalıb ki, bu da münasibətlərimizin səviyyəsinə uyğun deyil", - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Qubernator hesab edir ki, belə vəziyyət müxtəlif ölkələrin Misir kurortları ilə bağlı həyata keçirdiyi "qara piar" kampaniyası nəticəsində yaranıb.
"Mən başqa ölkələrdən fərqli olaraq, Misirə qarşı təbliğat aparmadığı üçün Azərbaycana təşəkkür edirəm. Şarm Əl-Şeyx təhlükəsiz, sabit və gözəl şəhərdir", - deyə o qeyd edib
X.Foda əlavə edib ki, bu gün o, Azərbaycanın xarici işlər və mədəniyyət və turizm nazirləri ilə görüşəcək. "Biz Bakı və Şarm Əl-Şeyx arasında birbaşa hava əlaqəsinin bərpası məsələsini müzakirə etmək niyyətindəyik", - deyə o qeyd edib.
Qubernatorun sözlərinə görə, vilayət Azərbaycanla işgüzar əlaqələrin qurulmasında maraqlıdır. Bundan başqa, Misir nümayəndə heyəti Bakıda “ASAN xidmət” mərkəzlərinə baş çəkib. "Biz bu təcrübəni öyrənmək və Şarm Əl-Şeyxdə tətbiq etmək niyyətindəyik", - deyə X.Foda əlavə edib.*
F.İsazadə