Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası 2018-ci ildə keçiriləcək. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Xarici İşlər Nazirliyininmətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov bu gün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki ölkə arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir”, - deyə nazir bildirib və bu sahədə gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb.
O, Bakının Pekinlə nəqliyyat sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib və Bakı-Tbilisi-Qars dəmir yolunun əməkdaşlıq üçün əlverişli şərait yaratdığını vurğulayıb.
E.MəmmədyarovÇin şirkətlərini ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil olunmağa çağırıb.
L.Çjun Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib.*
F.İsazadə