Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir.Bunu prezident İlham Əliyev deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”, – deyə o, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütpvlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır. “Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.*
A.Əzizov