“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlər 97% yerinə yetirilib. Bunu bu gün jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.
"“Mərhələ-2” uğurla həyata keçirilir və işlər 97% yerinə yetirilib. Hazırda “Xankəndi” gəmisi ilə sualtı quraşdırma işləri həyata keçirilir. Bunlar çox mürəkkəb əməliyyatlardır, lakin biz onların vaxtında başa çatacağına əminik”, - deyə o qeyd edib.
Regional prezidentin sözlərinə görə, TANAP qaz kəmərinin tikintisi üzrə konsorsiumun rəhbərliyi bu boru kəmərinin Cənubi Qafqaz boru kəməri sisteminə qoşulması və Azərbaycan qazının qəbul edilməsi üçün layihə üzrə işlərin vaxtında başa çatacağı ilə bağlı BP-yə təminat verib.
““Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından ilk qaz 2018-ci ildə hasil olunacaq. Biz bunun tezliklə baş verəcəyinə ümid edirik», - deyə Q.Cons vurğulayıb.*
N.Abbasova