Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizov imzalayıblar.
Görüşdə nazirlər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının ölkələrimizin yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
A.Azizov isə Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edərək bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.*
F.İsazadə