2018-ci ildə Azərbaycanda 10 xalça fabriki açılacaq. Bunu prezident İlham Əliyev deyib.
«Gələn il ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”, - deyə o, dekabrın 7-də “Azərxalça” ASC-nin Quba filialının açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. “Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq. “Xalçaçılıq qadın sənətidir. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq”, - deyə o bildirib.
R.Babayev