Ermənistan Dağlılq Qarabağ münaqişənin siyasi yolla həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasında çıxışı zamanı deyib.
"Əgər Ermənistan, həqiqətən də, münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək”, - E.Məmmədyarov bildirib. Nazirin çıxışının mətni Azərbaycan XİN-in Twitter səhifəsində dərc olunub.
Onun sözlərinə görə, dünən o erməni həmkarı və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə saatlarla danışıqlar aparıb. “Substantiv, nəticəyönümlü danışıqların bu kimi canlanması ehtiyatlı nikbinlik üçün səbəbdir. 16 oktyabr 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Görüşün ardınca Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqəti yönəldib”, - E.Məmmədyarov qeyd edib.
Buna baxmayaraq, onun sözlərinə görə, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir. “Rəsmi İrevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə, hərbi işğalın möhkəmləndirilməsinə və “fait accompli” vəziyyətinin yaradılmasına istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir”, - nazir vurğulayıb.
E.Məmmədyarov bildirib ki, təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur. “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bütün bunlarla bağlı hərtərəfli tədbirlər görülməlidir”, - o bəyan edib.
Nazi qeyd edeib ki, BMT TŞ-nin 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir.
E.Məmmədyarovun sözlərinə görə, ATƏT məkanında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması ilə bərabər oxşar vəziyyətlər Ukrayna, Gürcüstan və Moldovada da müşahidə olunur. "Hesab edirəm ki, sözügedən münaqişələrin davamlı həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ATƏT üzv ölkələrinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini toxunulmazlığına hörmət vasitəsilə təmin oluna bilər", - o vurğulayıb.
N.Abbasova