2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 0,7% və ya 73,36 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Noyabrın 1-nə respublika əhalisinin sayı 9 mln. 883,341 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir.
Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-oktyabr aylarında ölkə üzrə 120,035 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2,134-ü əkiz, 42-si isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 47,695 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,9 təşkil edib.
10 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 52,061 min nikah və 12,191 min boşanma halı qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,599 min nəfər gələn və 1,579 min nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev