Bu gün Azərbaycanda ilk dəfə "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri mərkəzin açılış mərasimindən xəbər verir.
"Big Data" Tədqiqat Mərkəzi BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarıının dəstəyi ilə ADA Universitetində yaradılıb.
Universitetdə mərkəzlə yanaşı, “Big Data”nın təhlili və data elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan tələbatın qarşılanmasına xidmət edəcək. Mərkəz dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışı zamanı mərkəzin yaradılmasının ölkənin akademik cəmiyyəti üçün çox vacib olduğunu deyib: "Mərkəz bütün sahələr üzrə tədqiqat bacarıqlarının genişləndirilməsinə və tədqiqat ekosisteminin inkişaf etdirilməsinə kömək edəcək".
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirib ki, "Big Data" Tədqiqat Mərkəzi "data" üzrə ixtisaslaşmış alimlərin, mühəndislərin və "Big data" təhlili üzrə məlumatların və peşəkarların hazırlanmasına təkan verəcək.
Layihənin dəyəri 410 min ABŞ dollarıdır və icrasına 2016-cı ilin oktyabr ayında başlanılıb. Layihə çərçivəsində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar, 30 iş terminalı quraşdırılıb, işçi heyətinə təlim keçirilib.
"ABŞ-da "Big data" texnologiyası hüquq-mühafizə orqanlarına 480 mindən çox telefon zəngini, sms-bildirişi, sosial şəbəkədəki məlumatları, fotoşəkil və videomaterialları olduqca tez təhlil edərək cinayətkarları 4 gün ərzində yaxalamağa imkan verib”, - deyə o bildirib.
Regional prezidentin sözlərinə görə, BP və ADA "Big Data" sahəsində birgə əməkdaşlığın genişləndirilməsi variantlarını müzakirə edir. Xüsusilə universitetdə bütün regiona xidmət göstərən "Big Data" təhlili üzrə təlim mərkəzinin açılması mümkündür.
"Biz, həmçinin dünyanın aparıcı universitetlərinin peşəkarları ilə "Big Data" təhlili üzrə magistr proqramları və dərs planlarının hazırlanması istiqamətində işləyirik. Qarşımızda daha çətin hədəflər durur. Məsələn, ADA Universitetini "big data" tədqiqat və təhlil üzrə regional mərkəzə çevirmək, Azərbaycanda hökumət, biznes cəmiyyəti və elmi dairələr arasında üçtərəfli əməkdaşlıq yaratmaqla "big data” texnologiyasının daha geniş istifadəsini (təhsildə, nəqliyyatda, maliyyə, kənd təsərrüfatı, energetika sahələrində) təmin etmək istəyirik”, - deyə o vurğulayıb.*
N.Abbasova