Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evi açılacaq. Bunu Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov deyib.
“Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Latviya tərəfi Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir.
“İkitərəfli iqtisadi-ticari əlaqələrimiz də uğurla inkişaf edir. Coğrafi məsafəyə baxmayaraq Latviya və Azərbaycanın paytaxtlarını 3 aylıq mövsümi uçuşlar birləşdirir və hazırda müvafiq reysləri Latviyanın “AirBaltic” aviaşirkəti həyata keçirir. 2018-ci ildə bu reyslərin müddətinin 6 aya qədər uzadılması qərara alınıb”, - deyə C.Axundov bildirib.
Diplomat hesab edir ki, bu, iki ölkə arasında sərnişin, tranzit yükdaşımalarına, ticarətin və turizmin inkişafına öz təsirini göstərəcək və nəticədə aviareyslərin gələcəkdə bütün il boyu həyata keçirilməsinə geniş imkanlar açacaq.
«Ölkələrimiz beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində də əməkdaşlığa xüsusi maraq göstərir və hazırda bu istiqamətdə davamlı iş aparılır», - deyə o vurğulayıb.*
F.İsazadə