2017-ci ildə Azərbaycanda pambıq yığımı 207 min ton təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır”, - İ.Əliyev Nazirlər Kabinetinin2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Həmçinin prezident baramaçılıq sahəsinə toxunub. Onun sözlərinə görə, 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilib. “Bu il bu rəqəm 450-500 tona çatmalıdır”, - İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, keçən il kənd təsərrüfatı 4,1% artıb. “Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk”, - dövlət başçısı bildirib.
İ.Əliyevin sözlərinə görə, ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. “Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın”, - o əlavə edib. **
B.Rüstəmbəyov