SOCAR və Amerikanın IBM şirkəti “Caspian Innovation Center” adlı birgə müəssisə yaradıblar. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“SOCAR və IBM “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər. Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir”, - deyə məlumatda qeyd olunur.
Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək.
“Birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcək.
Şirkət prezidenti hesab edir ki, nəzərdə tutulan tədbirlər nəticəsində neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.
Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.*
N.Abbasova