“Cənub Qaz Dəhlizi” (CQD) QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə indiyədək $8,6 mlrd. yatırılıb. Bunu QSC-nin baş direktoru Əfqan İsayev yerli mətbuata müsahibəsində bildirib.
“CQD QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud “Şahdəniz 1” və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən $11,5 mlrd. məbləğində vəsaitdən indiyədək $8,6 mlrd.-lıq hissəsi icra edilib. İndiyədək CQD-nin layihələrdə olan iştirak payları ilə bağlı maliyyə öhdəliklərinin 75%-i yerinə yetirilib. 2017-ci ildə Cənub Qaz Dəhlizinə $2,3 mlrd. məbləğində investisiya qoyulub”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,8%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 100%-i yerinə yetirilib. TANAP-ın inşası üzrə işlərin 89,6%-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 62,6%-i icra edilib.*
N.Abbasova