"Joint Operating Company Absheron Petroleum” (JOCAP) əməliyyat şirkəti 2018-ci ilin II rübündən “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru olacaq.
"Hazırda “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru “TOTAL E&P Absheron B.V.” şirkətidir (TOTAL şirkətinin törəməsi – İF-Az). II rübdən etibarən operatorluq “Joint Operating Company Absheron Petroleum”a (JOCAP) keçəcək", - deyə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsinə (ƏMSSTQ) dair hesabatda qeyd olunur.
Hesabata əsasən SOCAR və TOTAL-ın birgə müəssisəsi olan JOCAP-da tərəflərin hər biri 50% pay sahibidir.
Qeyd edək ki, TOTAL bu ilin mart ayında “Abşeron” yatağındakı ilk quyuda (ABD-001) qazma işlərinə başlamağı planlaşdırır. Qazma işləri 2019-cu ilin mart ayında yekunlaşacaq.
Quyu dənizin 450 metr dərinliyində qazılacaq. “Abşeron” yatağından ilk qaz hasilatına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan sutkada 4,3 mln. kubmetr qaz və 12 min barel kondensat hasilatı nəzərdə tutulur.
Birinci mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.*
N.Abbasova