Azərbaycan 2017-ci ildə "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 0,9% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
2017-ci ilin dekabr ayında bu ölkəyə 595,55 mln. kubmetr qaz ixrac edilib. Dekabrda Türkiyəyə qaz tədarükünün ümumi həcminin 9,93%-i Azərbaycan qazının payına düşüb.
Hesabat ayında Azərbaycan Türkiyəyə 5 mlrd. 995,79 mln. kubmetr (2016-cı ilin dekabr ayı ilə müqayisədə artım 7,5%) qaz ixrac edib.
Qurumun məlumatına görə, 2016-cı ildə Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.*
N.Abbasova