“Azərbaycan Hava Yolları (AZAL) QSC və “Etihad Airways” aviaşirkəti bu gün Əbu-Dabi – Bakı – Əbu-Dabi marşrutu üzrə birgə reyslərin yerinə yetirilməsinə başlayıb. Bu barədə AZAL-ın məlumatında deyilir.
«Uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək. İlk reys “EY297” martın 2-si səhər göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən Bakıya istiqamət götürüb”, - deyə məlumatda bildirilir.
AZAL QSC-nin prezidenti Cahangir Əsgərov “Etihad Airways” aviaşirkətinin baş icraçı direktoru Piter Baumqartnerlə görüşdə qeyd edib ki, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək.
P.Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq.
“2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı ki, bu da yüksək turist axını artımına səbəb oldu”, - deyə “Etihad Airways” aviaşirkətinin baş icraçı direktoru qeyd edib.*
N.Abbasova