Azərbaycan prezidenti İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 mln. manatın ayrılmasını tapşırıb.
Çərşənbə axşamı dövlət başçısının saytında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
prezidentin sərəncamı dərc olunub.
Sərəncamda 1997-2017-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6 mindən çox mənzilin verildiyi qeyd olunur.
Sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən 10 mln. manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılacaq. **
A.Əzizov