Prezident İlham Əliyev və Belarus Respublikasının baş nazirinin müavini Vladimir Semaşkonun bu gün Bakıda keçirilən görüşündə Azərbaycanda istehsal olunan traktorların üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmi qeyd edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Gəncə traktor zavodunda 10 mininci traktorun yığılması əlamətdar bir hadisədir. Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılması önəmlidir”, - deyə V.Semaşko bildirib.
Prezident İ.Əliyev, öz növbəsində, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
"Tərəflər, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov