Azərbaycan Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Ş.Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
“O, Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanıldığını deyib. Nazir investisiya qoyuluşu, sənaye, alternativ enerji, neft-qaz, əczaçılıq, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb”, - deyə məlumatda qeyd olunur.
Ş.Mustafayev vurğulayıb ki, BƏƏ iş adamları Ələt Azad Ticarət Zonasında və Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında investor qismində iştirak edə bilərlər. O, Azərbaycanın BƏƏ universitetlərində tələbə mübadiləsi sahəsində də əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş, öz növbəsində, bildirib ki, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Nazir ölkəsinin yükdaşımalar, turizm, təhsil, neft-qaz və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.*
A.Əzizov