2018-ci ildə Azərbaycanın 7 şəhərində şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması üzrə işlər başa çatdırılacaq. Bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq”, - Q.Hüseynov bildirib.
Onun sözlərinə görə, bu il 10-dan çox şəhərdə belə qurğuların tikintisinə başlanılacaq.
“Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq”, - Q.Hüseynov qeyd edib.
O əlavə edib ki, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67%-i, Bakı şəhəri üzrə isə 81,5%-i fasiləsiz içməli su ilə təmin edilir.
Q.Hüseynov vurğulayıb ki, su və kanalizasiya layihələrinin icrasına başlanılıb 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. **
B.Rüstəmbəyov