Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkənin gücləndirilməsinə yönələn siyasəti davam etdirəcək.
“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi”, - İ.Əliyev prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu artır. “Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq”, - o qeyd edib.
İ.Əliyev vurğulaylıb ki, ölkənin gücləndirilməsinə yönələn siyasəti davam etdirəcək. “Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz.Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq.Bizim taleyimiz öz əlimizdədir”, - dövlət başçısı bəyan edib. **
A.Əzizov