Azərbaycan iş adamları Türkiyə və Monqolustanı qeyri-neft məhsullarının "Made in Azerbaijan" brendi altında ixracının yeni istiqamətləri hesab edirlər. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
«Türkiyə Azərbaycan məhsullarının ixracı üçün yeni istiqamətdir. Biz bu ölkəyə böyük ixraclar həyata keçirmirik, çünki orada idxal rüsumları çox yüksəkdir. Lakin biz Naxçıvan Muxtar Respublikasına preferensial yanaşma çərçivəsində Türkiyəyə ixrac missiyası təşkil etməyi nəzərdə tuturuq», - deyə o əlavə edib.
Vitse-prezidentin sözlərinə görə, bununla əlaqədar 2018-ci ildə Naxçıvandan olan qeyri-neft məhsullarının istehsalçılarından ibarət missiyanın Türkiyəyə səfəri nəzərdə tutulur.
Y.Abdullayev qeyd edib ki, bu il AZPROMO Monqolustana da missiya göndərmək niyyətindədir.
«Bizim üçün Monqolustan yeni bazardır. Bu ölkənin əhalisi az olsa da, Azərbaycan məhsullarının ixracı baxımından bizim üçün maraq kəsb edir», - deyə o vurğulayıb.*