Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilir. Bunu Bolqarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev deyib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bolqarıstanın Bakıdakı səfirliyinin birinci katibi Yanko Yanakiyev və Bolqarıstanın Bakıdakı ticarət missiyasının rəhbəri İliyan Kostovu qəbul edib.
“Bizim “Asan viza” ilə bağlı çox yaxşı təklifimiz var. Hazırda bu məsələ Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur. Biz vizanı “ASAN” vasitəsi ilə sadələşdirə bilərik. Lakin hansı qərarın veriləcəyini zaman göstərəcək”, - Y.Yanakiyev bildirib.
İ.Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində maraqlı olduğunu qeyd edib.
“Doğurdan da ölkərimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər indiki ticarət dövriyyəsinin həcminə uyğun gəlmir”, - İ.Kostov bəyan edib.
Onun sözlərinə görə, Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. “Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”, - İ.Kostov vurğulayıb.
M.Musayev bildirib ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamalarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.
O, Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Orta Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib.
M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib. **
F.İsazadə