BP şirkəti bu gün Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 100 illiyinə həsr olunmuş “Cümhuriyyət qurucuları” kitabını ictimaiyyətə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, kitab ADR-in qurucuları olan 59 şəxsiyyətin xatirəsinə həsr olunub.
"Cəmi 23 ay mövcud olmuş ADR əsarət altında olan ölkədən Şərqdə ilk demokratik respublikaya çevrilərək Azərbaycan xalqının milli qüruru oldu. Xalqın tarixində ADR qurucularının töhfəsi əvəzsizdir, buna görə BP bu kitabın nəşri və təqdimatına göstərilən dəstəklə fəxr edir", - deyə o qeyd edib.
Kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb.
Kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.
BP şirkəti, həmçinin ADR-in mövcud olduğu son gün və faciəli süqutundan bəhs edən “Son iclas” filminin də sponsorudur.*
N.Abbasova