Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müsəlman dünyasını Qəzza sektorunda vəziyyətə qarşı laqeyd qalmamağa çağırıb.
“Qəzza sektorunda bugünkü mənfi proseslərin səbəbi - müsəlman dünyasında birliyin olmamasıdır. Bəzi dövlətlər bundan istifadə edirlər. Müsəlmanlar bu vəziyyətə laqeyd qalmamalıdır”, - A.Paşazadə bu gün bildirib.
Onun sözlərinə görə, Fələstinin paytaxtı Yerusəlim şəhəridir.
QMİ sədrinin rəyinə əsasən, istənilən dövlətin Əl-Qüdsə soxulması böyük qarşıdurmaya səbəb ola bilər. “Məndə olan məlumata görə, orada (Qəzzada - İF) 59 nəfər həlak olub, təxminən 2 min nəfər yaralanıb. Biz (azərbaycanlılar - İF) keçmişdə bu cür faciələri artıq yaşamışıq: 1990-cı ilin Yanvar hadisələri, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər - Xocalı soyqırımı. Əgər beynəlxalq birlik zamanında buna reaksiya versəydi, bu gün həmin təcavüz baş verməzdi, torpaqlarımız işğal olunmazdı”, - A.Paşazadə bəyan edib.
O, Qəzzada baş verən hadisələri “böyük faciə” kimi qiymətləndirib. “Biz Qəzzada baş verənləri böyük faciə kimi qiymətləndiririk. Əl-Qüds (Yerusəlim) müsəlmanlar, fələstinlilərə məxsusdur”, - QMİ sədri əlavə edib.
Xəbər verildiyi kimi, mayın 14-də ABŞ-ın yeni səfirliyinin İsraildə açılışı olub, diplomatik nümayəndəlik Tel-Əvivdən Yerusəlimə köçürülüb. Həmin gün Qəzza sektorunda bununla əlaqədar kütləvi etirazlar keçirilib. Toqquşmalar nəticəsində 59 fələstinli həlak olub, 2 mindən artıq şəxs yaralanıb. **
F.İsazadə