əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevDövlət Sosial Müdafiə Fondunun fəaliyyətini qənaətbəxş hesab etmir.
S.Babayev Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Nazor qeyd edib ki, əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.
Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir.
Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir. Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir. Nazir pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.
S.Babayev bildirib ki, hazırda nazirlik 2,5 milyona qədər insana xidmət göstərir. O vurğulayıb nazirliyin qurumları “Sosial ev” modeli kimi fəaliyyət göstərməlidirlər. **
A.Əzizov