Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov koppursiya ilə bağlı ittihamları əsassız hesab edir.
Qeyd edək ki, AŞPA S.Seyidova qarşı sanksiya tətbiq edib. O, 2 il müddətinə Assambleyanın mandatından məhrum edilib.
"Avropa Şurasına göndərdiyim məktubda qeyd etmişəm ki, belə sanksiyaların tətbiq edilməsinin heç bir əsası yoxdur və bu, Azərbaycana təzyiqdir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir və bundan sonra da edəcək.
"Ancaq bu o demək deyil ki, AŞ-də Azərbaycana qarşı ikili standartlar tətbiq olunmur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Qəbul olunan qərar ikili standartların tərkib hissəsidir”, – deyə o qeyd edib.
S.Seyidov vurğulayıb ki, təxminən bir il bundan əvvəl AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. “Biz bu qrupla bağlı mövqeyimizi ortaya qoyaraq bildirdik ki, heç kimi əsassız olaraq ittiham etmək olmaz, qanunun aliliyi əsas tutulmalıdır. Buna görə biz lap əvvəldən bu qrupun əleyhinə idik. Qrup istintaqı yekunlaşdırdıqdan sonra məlum oldu ki, 200 səhifəlik sənədin 99%-i Azərbaycanla bağlı olub”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.
O bildirib ki, AŞPA-da dəfələrlə təşkilatın lazımi işlə məşğul olmaması məsələsi qaldırılıb. "Məsələn, Ermənistanda iğtişaşlar hakimiyyətin devrilməsi ilə nəticələnib, AŞ isə Azərbaycanla bağlı məsələni müzakirə edir. AŞPA-da Azərbaycanla bağlı qəbul olunan sənədlərin 99%-i tənqidi xarakter daşıyır, Ermənistanla bağlı isə başqa mexanizm tətbiq olunur", - deyə o vurğulayıb.
S.Seyidov əlavə edib ki, Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirilirsə, bu məsələni gündəlikdən çıxartmaq lazımdır.*
F.İsazadə