2018-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 10 mln. 861,1 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-aprel aylarında BTC ilə 10 mln. 861,1 min ton neft daşınıb, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 81,4%-ni təşkil edir”, - Komitədən qeyd ediblər.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 2 mln. 9 min ton təşkil edib, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 5,2% azdır.
Xəbər verildiyi kimi, 2017-ci ildə BTC ilə neft nəqlinin ümumi həcmi 33 mln. 755 min ton, həmçinin tranzit neftinin nəqlinin həcmi - 6 mln. 432,4 min ton təşkil edib. **
N.Abbasova