“BP-Azerbaijan” şirkəti 2018-ci ilin I rübündə “Şahdəniz” yatağından 2,7 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən12,5% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Hesabat dövrü ərzində “Şahdəniz” yatağından 0,6 mln. ton kondensat (2017-ci ilin analoji dövrünün göstəricisinə uyğunudr) hasil edilib.
“Hazırda yataqda mövcud hasilat sisteminin maksimal gücü sutkalıq 30 mln. kubmetr qaz və ya illik 10,9 mlrd. kubmetr qaz təşkil edir”, - şirkətdən bildirilir.
Cari ilin birinci rübündə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $538 mln. (azalma 43,3%) təşkil edib, bunun $123 mln.-u istismar xərclərinin, $415 mln.-u əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində işlərə yönəldilib.
2018-ci ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 23,1 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $165 mln., istismar xərcləri $8 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10,2 mlrd. kubmate qaz və 2,4 mln. ton kondensat hasil edib. **
N.Abbasova