2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda turizm sahəsində artım 7,3%-dək sürətlənib. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“2017-ci ilin yekunları üzrə turizm sektorunda real artım 5,9% təşkil edib, 2018-ci ilin yanvar-aprel aylarında daha yüksək templər müşahidə olunur - 7,3%”, - S.Həsənova bu gün Milii Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, turizm sektorunda yüksək artım templəri ötən illərdə dövlət tərəfindən turizm infrastrukturunun yaradılması və yaxşılaşdırılmasına sərmayələrin nəticəsidir. “Bu gün biz həmin investisiyaların nəticəsini görürük”, - nazir müavini qeyd edib.
S.Həsənova əlavə edib ki, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı qeyri-neft sektorunun hesabına təmin olunub. “Ötən il qeyri-neft sektorunda 2,7% (ÜDM-in artımı 0,1% təşkil edib - İF), qeyri-neft sənayesində 3,8%, ASK sahəsində 4,2% artım olub”, - o vurğulayıb.
Nazir müavini bildirib ki, nəqliyyat sahəsində həyata keçirilən islahatlar hesabına 2017-ci ildə tranzit yüklərin həcmi 16% artıb. **
A.Əzizov