Belqrad Serbiyada dəmir yolu infrastrukturunun təmirində Azərbaycandan investorların və “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakına ümid edir. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç bu gün keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə bildirib.
“Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr siyasi münasibətlərdən fərqli olaraq aşağı səviyyədədir. Mən azərbaycanlı investorları Serbiyaya dəvət edirəm”, - A.Vuçiç bəyan edib.
Eyni zamanda Serbiya lideri təsdiq edib ki, daşınmaz əmlak, otel biznesi, kimya sənayesi və energetika sektorunun inkişafına vəsait yatıran xarici investorlar vergidən azad olunacaq, həmçinin hər işlə təmin olunan şəxsə görə subsidiyalar əldə edəcəklər.
“Biz istəyirik ki, Serbiyaya gələn investorlar pul qazansınlar və uzun zaman burada qalsınlar. Düşünürəm ki, prezident İlham Əliyevin Serbiyaya səfərindən sonra bu istiqamətdə irəliləyiş olacaq”, - A.Vuçiç vurğulayıb.
Bundan əlavə, o, Serbiyanın qaz və yolların tikintisi sahələrində infrastruktur layihələrin reallaşdırılmasında maraqlı olduğnu deyib. O cümlədən, A.Vuçiç ADY-ni Serbiyada dəmir yollarının təmirində iştiraka dəvət edib.
“İndiyədək “Rusiya Dəmir Yolları” bu işlə məşğul olub. Serbiyanın dəmir yollarının təmirə ehtiyacı var. Əgər siz rəqabətədavamlı və “Azvirt” kimi yaxşı şirkətsinizsə, o zaman Serbiyaya səfər edərək dəmir yollarının təmirində iştirak edə bilərsiniz”, - prezident qeyd edib. **
B.Rüstəmbəyov