2018-ci ilin I rübündə Azərbaycanın turizm xidmətləri balansının profisiti $65,8 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 26,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Yanvar-mart aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi 9,8% artaraq $1,3 mlrd. təşkil edib. Turizm xidmətləri balansının profisiti isə 2017-ci ilin I rübündə qeydə alınmış $51,9 mln.-a qarşı $65,8 mln. təşkil edib”, - deyə AMB-nin I rüb üçün tədiyə balansına dair məlumatında qeyd olunur.
Bu dövrdə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $619,7 mln. məbləğində turizm xidmətləri göstərilib. Bu məbləğin 78,5%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşür”, - deyə məlumatda bildirilir.
2018-ci ilin I rübündə Azərbaycana turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.
2017-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti 61,1% artaraq $353,4 mln. təşkil edib.*
A.Əzizov