2017-ci ilin yekunları üzrə SOCAR-ın xalis mənfəəti 2 mlrd. 92 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 6 dəfə çoxdur. Bu barədə şirkətin 2017-ci il üçün birləşdirilmiş maliyyə hesabatında deyilir.
SOCAR-ın 2017-ci üçün maliyyə fəaliyyətinin maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
Ötən il SOCAR-ın gəlirləri 92 mlrd. 571 mln. manat (artım 78,3%), satışların maya dəyəri 87 mlrd. 352 mln. manat (artım 84,3%) təşkil edib.
Hesabat ilində şirkət əməliyyat fəaliyyətindən 2 mlrd. 522 mln. manat mənfəət (artım 33%) əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 424 mln. manat (azalma 27,7%) məbləğində olub.
2017-ci ildə SOCAR-ın aktivləri 15,7% - 61 mlrd. 347 mln. manatadək, uzunmüddətli aktivləri 20,3% - 39 mlrd. 42 mln. manatadək, qısamüddətli aktivləri 8,5% - 22 mlrd. 305 mln. manatadək artıb.
Qeyd olunan dövrdə neft şirkətinin kapitalı 21,4% - 21 mlrd. 975 mln. manatadək artıb. SOCAR-ın nizamnamə kapitalı 3 mlrd. 36 mln. manata (artım 68,5%) bərabərdir.
2017-ci ildə şirkətin öhdəlikləri 11,5% - 39 mlrd. 372 mln. manatadək artıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 19 mlrd. 526 mln. manat (artım 15,3%), cari öhdəlikləri 19 mlrd. 846 mln. manat (artım 8%) təşkil edir.*
A.Əzizov