Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır”, - nazirlikdən qeyd ediblər.
Yaponiyanın Meteorologiya Agentliyinin xəbərinə əsasən, bazar ertəsi yerli vaxtla 08:00-da Yaponiyanın Osaka prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib. Sonra agentlik tərəfindən zəlzələnin gücü 6,1 bal gücünədək artırılıb.
Nəticədə 3 nəfər həlak olub, 20-ə yaxın şəxs yaralanıb. Həlak olanlar arasında 9 yaşlı qız olub. **
N.Abbasova