Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Bunu prezident İlham Əliyev deyib.
“Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar”, - deyə dövlət başçısı iyulun 10-da Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə brifinqdə bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 2-3 dəfə artırmağı planlaşdırır.
Prezidentin sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. “Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov