1 iyun 2018-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 541 manat (cari məzənnə ilə $318,2 - İF-Az) təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2018-ci il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 545,4 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,5%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə, 7%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
B.Rüstəmbəyov