Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüş 4 saata yaxın davam edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“E.Məmmədyarov və Z.Mnatsakanyanın görüşü 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, iyulun 11-də Brüsseldə nazirlər E.Məmmədyarov və Z.Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə danışıqlar aparıblar.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.*
F.İsazadə