Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində daha bir görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.
“Nazirlər yaxın gələcəkdə həmsədrlərin təşəbbüsü ilə yenidən görüşmək barədə razılığa gəliblər”, - deyə həmsədrlərin XİN başçıları arasında iyulun 11-də Brüsseldə keçirilən görüş barədə yaydıqları bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, nazirlər münaqişə zonasında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları müzakirə ediblər. Tərəflər bəzi məsələləri, o cümlədən etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirləri də nəzərdən keçiriblər.
“Həmsədrlər gərginliyin azaldılmasının və hərbi ritorikanın qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər”, – deyə məlumatda vurğulanır.*
F.İsazadə