Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) “İrgiz” yedək-təchizat gəmisi Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işlərinə cəlb olunub. Bu barədə AXDG-nin məlumatında deyilir.
““İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir”, - deyə məlumatda bildirilir.
İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var.*
N.Abbasova