Ağsu rayonu ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.
“Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində Bakıda və Azərbaycanın regionlarında elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Hazırda yanğının səbəbləri araşdırılır”, - deyə o bildirib.
Enerji verilişində fasilə Bakı Metropoliteninin də işinə təsir edib. Bənövşəyi xəttin iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları 20 dəqiqə bağlı olsa da, artıq həmin stansiyalar işini bərpa edib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, paytaxtda elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində çətinliklər əmələ gəlib. Bakının bəzi küçə və prospektlərində işıqforların fəaliyyəti bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.*
N.Abbasova